May 10, 2020 08:01 Asia/Baku
  • Venesuelada çevriliş etməyə çalışan daha 3 muzdlu saxlanıldı

Venesuela hakimiyyəti mayın 3-də bildirib ki, Kolumbiyadan ölkəyə soxulmağa çalışaraq dövlət çevrilişini həyata keçirmək və prezidenti öldürmək fikrində olan muzdlular qrupu zərərsizləşdirilib

Venesuelanın hüquq-mühafizə orqanları respublikasının ərazisinə qanunsuz girməyə çalışan daha üç muzdlunu yaxalayıb.

SəhərAzəri TASS xəbər agentliyinə istinadən məlumat verir, bu barədə ölkənin prezidenti Nikolas Maduro dövlət televiziyasının efirində xəbər verib.

"Mən bildirməliyəm ki, bu gün biz daha üç muzdlunu tutduq. Biz indi axtarışlar aparırıq və öz vətənini satan hamını yaxalayacağıq", - dövlət başçısı deyib.

Venesuela hakimiyyəti mayın 3-də bildirib ki, Kolumbiyadan ölkəyə soxulmağa çalışaraq Bolivar respublikasında dövlət çevrilişini həyata keçirmək və prezidenti öldürmək fikrində olan muzdlular qrupunun qarşısını almağa müvəffəq olub. Saxlanılanlar arasında iki ABŞ vətəndaşı da var.

Venesuela lideri dövlət televiziyasının efirində Lyuk Aleksandr Denmanın və Ayran Berrinin sənədlərini nümayiş etdirib. Onlardan birincisi ifadəsində bildirib ki, digər cinayətkarlarla birlikdə aeroportu nəzarət altına almalı və Venesuela prezidenti Nikolas Maduronu ABŞ-a aparmaq üçün ora çatdırmalı imiş.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, rəsmi Vaşinqtonun Venesuelada həbs edilmiş cinayətkar qrupla əlaqəsi yoxdur. 

Teqlər