İndoneziyada daşqınlar nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb
İndoneziyanın Cənubi Sulavesi əyalətində leysan yağışlar nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 3 mindən çox insan yaşayış yerlərini tərk edib. Bununla yanaşı, 16 nəfərin itkin düşdüyü bildirilir. Əyalətdə yerləşən evlərə və infrastruktura da ciddi ziyan dəyib.
Hazırda itkin düşənlərin axtarışı və zərərçəkənlərin təxliyəsi davam etdirilir.
Palçıqla müşayiət olunan güclü sel nəticəsində 4 mindən çox ev su altında qalıb, 3 mindən çox sakin təxliyə mərkəzlərinə yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatına 359 xilasedici cəlb olunub.
Leysan yağışlar nəticəsində 13 kilometr uzunluqda yolun, 9 körpünün, 13 dini və 9 məktəb binasının, səkkiz ofisin və bazar kompleksinin dağıldığı bildirilir.
Zərər çəkən rayonlarda yolların palçıq və ağac qırıntıları ilə dolması xilasedicilərin hərəkətinə ciddi maneələr yaradıb.