Tacikistan KTMT-dən kömək istədi
Düşənbə taliblərin sərhədi poza biləcəklərindən narahatdır
Tacikistan Əfqanıstanla sərhədində yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.
SəhərAzəri-nin məlumatına əsasən, Tacikistanın təşkilat yanında daimi nümayəndəsi Həsən Sultonov respublikanın Əfqanıstandan gələn təhlükə ilə təkbaşına mübarizə apara bilməyəcəyini bəyan edib.
O, KTMT ölkələrini sərhəd böhranının həlli üçün Tacikistana yardım etməyə çağırıb.
Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki Taliban yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər. Sərhəd zastavalarında xidmət edən Əfqanıstan hökumət qüvvələrinin yüzlərlə hərbçisi isə ölüm təhlükəsi altında sərhədi keçərək Tacikistan ərazisinə daxil olublar.
Bu arada Tacikistan hökumətinin çağırışına cavab olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, KTMT Əfqanıstan sərhədindən Tacikistana hücum ediləcəyi təqdirdə bu hadisəni təcili olaraq müzakirə edəcəkdir.
Rusiyalı nazirin sözlərinə görə, Tacikistana bir hücum olarsa, əlbəttə ki, bu dərhal KTMT-də nəzərdən keçiriləcək. Moskva və Düşənbə Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzrə müttəfiqdir və Rusiya Federasiyasının Tacikistanda hərbi bazası var. Beləliklə, təbii ki, Kreml öz öhdəliklərini yerinə yetirəcək.