Rusiya Əfqanıstan məsələsində ehtiyatlı davranır
KTMT Tacikistana hərbi yardım göstərməkdən imtina etdi
KTMT birləşmiş qərargahının rəisi Tacikistanın Əfqanıstanla sərhədinin müdafiəsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi qüvvələrinin cəlb edilməsinə ehtiyac olmadığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Anatoli Sidirov “Russia Today”ə müsahibəsi zamanı bəyan edib ki, Tacikistan hərbçiləri sərhədin qorunması işinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər. Ölkənin yalnız texniki yardıma ehtiyacı var.
Qeyd edək ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasının ardından ölkədəki Taliban yaraqlıları fəallaşıb. Onlar bir sıra əraziləri, o cümlədən də Tacikistanla sərhəd rayonlarını ələ keçiriblər. Sərhəd zastavalarında xidmət edən Əfqanıstan hökumət qüvvələrinin yüzlərlə hərbçisi isə ölüm təhlükəsi altında sərhədi keçərək Tacikistan ərazisinə daxil olublar. Məsələ ilə bağlı Tacikistanın KTMT yanında daimi nümayəndəsi Həsən Sultonov sərhəd böhranının həlli üçün təşkilata müraciət edib.
Bu arada Ria Novosti xəbər verir ki, “Taliban” qruplaşması Tacikistanla Əfqanıstan arasındakı körpüdə öz "bayrağını" qaldırıb.
Pentaqonun mətbuat katibi Con Kirbi isə mətbuat brifinqində deyib ki, Taliban onlarla mərkəzi bölgəni ələ keçirib, onlar əyalət mərkəzləri üçün də təhlükə yaradacaqlar.