Ağ Ev Əfqanıstandakı diplomatlarını azaldır
Əfqanıstanda müxtəlif vilayətlərin süqut etməsilə bir zamanda ABŞ-ın dövlət katibi və müdafiə naziri Əşrəf Qəni ilə telefon əlaqəsində bildiriblər ki, Vaşinqton Əfqanıstandakı diplomatlarını azaldacaq.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın dövlət katibi Entoni Blinken öz tvitter səhifəsində yazıb ki, Amerikanın müdafiə nazirilə yanaşı, Əşrəf Qəni ilə Əfqanıstandakı təhlükəsizlik durumu və ABŞ-ın öz diplomatlarını azaltması ətrafında fikir mübadiləsi aparılıb.
O, qeyd edib ki, Amerika Əfqanıstandakı böhrana son qoymaq üçün diplomatik həll yoluna dəstək verəcək.
Bundan qabaq bir neçə məlumatlı şəxs bir amerikan telekanalına demişdi ki, Amerika səfirliyinin Kabil hava limanına köçürülməsi Əfqanıstanda döyüşlərin kəskinləşəcəyi təqdirdə, ehtimal olunan seçimlərdən biridir.
Amerikalılar Əfqanıstandakı diplomatlarının sayını azaltmaq və öz səfirliklərini Kabil hava limanına köçürmək niyyətindədirlər. Onlar vurğulayıblar ki, Əfqanıstandakı şərait və vəziyyətin qeyri-stabil olmasına görə, bu qərarlar bir neçə gündən bir neçə həftəyədək həyata keçirilə bilər.
Amerika ilə Taliban-ın 2020-ci ilin fevral razılaşmasından və iki tərəf arasında «sülh razılaşması»nın imzalanmasından sonra amerikalı hərbçilərin və bu ölkənin müttəfiqlərinin Əfqanıstandan çıxışı prosesi başlandı. Belə bir halda, son həftələr ərzində Əfqanıstandakı müharibə şiddətlənib və taliblər Əfqanıstanın bir çox bölgələrini ələ keçirə biliblər.
Taliban indiyədək Əfqanıstanın on dörd vilayətini ələ keçirə bilibdir.