Sen 11, 2021 10:36 Asia/Baku
  • Pəncşirin 3 rayonu Talibandan geri alındı

Əfqanıstanın şimalındakı Pəncşir əyalətində Talibana qarşı döyüşən milli müqavimət qüvvələrinin dəstələri regionun üç rayonunu taliblərdən geri alıblar.

SəhərAzəri xəbər verir ki, bu barədə yerli “Afghanistan Times” qəzeti bildirib.

Qəzetin mənbələrinin məlumatına görə, döyüşçülər Pəncşirin şimal və şimal-şərq hissələrində yerləşən Dara, Abşar və Pəryan rayonlarını Taliban silahlılarından təmizləyiblər. Qeyd edilir ki, milli müqavimət qüvvələrinin silahlıları ağır döyüşlər nəticəsində Talibanın onlarla döyüşçüsünü məhv edib.

Qeyd edək ki, ABŞ-ın bir neçə ay əvvəl öz qoşunlarını Əfqanıstandan çıxaracağını elan etməsindən sonra Taliban hərəkatı ölkədə hökumət qüvvələrinə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qəni səlahiyyətlərini təhvil verərək ölkəni tərk edib və taliblər döyüşsüz Kabilə giriblər. Lakin Talibanın hakimiyyəti ilə razılaşmayanlar Əhməd Məsudun başçılığı ilə Pəncşirdə müqavimət təşkil ediblər.

Bazar ertəsi taliblərin nümayəndəsi Zəbiullah Mücahid Pəncşirin tamamilə Talibanın nəzarəti altına keçdiyini və buna görə Əfqanıstanda müharibənin başa çatdığını elan edib. Öz növbəsində Məsud Əfqanıstanın bütün sakinlərini ümumi üsyana çağıraraq bildirib ki, Talibanla hərbi qarşıdurma davam edir.

Teqlər