Sen 15, 2021 11:04 Asia/Baku
  • Rusiya və Belarus orduları birgə təlim keçirilr

Rusiyanı qonşu Belarus ilə birgə hərbi təlimlər keçirməsi Azərbaycanda maraqla izlənilir.

SəhərAzəri-nin məlumatına əsasən, “Qərb-2021” hərbi-strateji adlı birgə hərbi təlimlər öz miqyasının genişliyi, tətbiq edilən silahların müasirliyi və çoxsay olması ilə seçilir.

Təlimlərə 200 min canlı qüvvə, 80-dən çox təyyarə və helikopter, 760-a qədər zirehli texnika cəlb olunub.

 Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təlimlərin gedişində pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə, şərti düşmənə qarşı atəş zərbəsinə və radioelektron təsirə, bir döyüş əməliyyatları növündən sürətlə digərinə keçməyə və mürəkkəb, dinamik şəraitin yaradılmasına, taktiki hava desantı qüvvələrindən istifadəyə xüsusi diqqət yetirilir.

Təlimin diqqət çəkən məqamlarından biri də pilotsuz uçuş aparatlarından aktiv istifadə edilməsidir.

Bununla yanaşı, S-400 zenit raket-komplekslərinin köməyi ilə qanadlı raketlərin məhvi, kiçik mənzilli “İsgəndər-M” ballistik raketləri ilə komanda-idarəetmə məntəqələrinin məhv olunması, zərbə dronları və hücum helikopterləri ilə yerüstü hədəflərin, canlı qüvvə və zirehli texnikanın məhv edilməsi təlimlər planına daxil edilib.  Məlumata görə “Qərb-2021” təlimləri zamanı əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq, şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq edilib.

 Azərbaycandakı siyasi-hərbi dairələr deyirlər ki, “Qərb-2021” təlimlərini Ermənistanın müdafiıə naziri Arşak Karapetyanın da Mulino poliqonunda izləməsi rəsmi Yerevanın təlimlərin gedişatına və əldə olunacaq nəticələrə ciddi önəm verməsini göstərir. Xüsusilə də ona görə ki, rəsmi Moskva “Qərb-2021” təlimlərin ssenarisini Suriya və Qarabağdakı hərbi əməliyyatların təcrübəsi əsasında hazırlandığını elan edib.

Onlar xəbərdarlıq edirlər ki, təlimlər Ermənistanın 44 günlük müharibənin nəticələri əsasında yeni hərbi doktrina qurmasına, Rusiya ilə birgə aparılan ordu islahatı çərçivəsində yeni standartlara keçməsinə və Moskvanın istehsal etdiyi yeni nəsil silahlara, xüsusən, kəşfiyyat və zərbə dronlarına marağının artmasına stimul verə bilər.

 

Teqlər