Rəsmi Moskva: "Rusiya qazdan şantaj üçün istifadə etmir"
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Avropa İttifaqı Rusiyanın qazdan şantaj məqsədilə deyil, qarşılıqlı faydalı şərtlərlə əməkdaşlıq üçün istifadə etdiyini yaxşı bilir.
SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova öz teleqram səhifəsində yazıb: "Həm Avropa İttifaqı, həm də Polşa yaxşı bilirlər ki, Moskva qazdan şantaj üçün deyil qarşılıqlı faydalı əməkdaşlıq üçün istifadə edir, ona görə də faydalı qərarlar qəbul etmək daha yaxşıdır".
Bir müddət əvvəl Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, Avropa İttifaqı istərsə, Rusiya Ukrayna ərazisindən qaz tranzitini artırmağa hazırdır.
Peskov deyib: "Aİ alışı artırarsa və Kiyev rəqabətli tranzit şərtləri təklif edərsə, Rusiya Ukraynadan qaz tranzitini artırmağa hazırdır. "Qazprom" Avropa İttifaqı qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir və Rusiya mövcud müqavilələr çərçivəsində Avropaya mümkün qaz tədarükünü maksimum dərəcədə artırıb".
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, həmçinin Rusiyanın ABŞ-dakı səfirliyinin rus əməkdaşlarının işdən çıxarılması ilə bağlı bir bəyanat yayıb və bildirib ki, Vaşinqton növbəti aylarda daha 55 rusiyalı diplomatı, səfirlik və konsulluqların inzibati, texniki işçilərini ölkədən çıxarmaq istəyir.
Zaxarovanın sözlərinə görə, bu, mahiyyətcə qovulmaq deməkdir və diplomatik "cəbhədə" vəziyyəti daha da pisləşdirəcək".
Zaxarova daha sonra ABŞ-ı Rusiya ilə gərginliyi artıra biləcək hərəkətlərdən çəkinməyə və Moskva ilə ikitərəfli münasibətlərdəki gərginliyi həll etmək üçün dürüst, qarşılıqlı hörmət əsasında dialoq aparmağa çağırıb.