Bişkek tərəddüdünə son qoydu
Qırğızlar da hərbçilərini Qazaxıstana göndərir
Qırğızıstanın baş nazirinin müavini bildirib ki, Respublika Qazaxıstana 150 hərbçi və 19 ədəd texnika göndərmək niyyətindədir.
SəhərAzəri-nin məlumatına əsasən, Qırğızıstan Parlamenti bu ölkənin hərbçilərinin Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasında iştirakına razılıq verib.
Bildirilir ki, parlament böyük çoxluqla hərbçilərin göndərilməsinə razılıq verib. Qərarın lehinə 69 deputat səs verib.
Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda müvəqqəti yerləşdirilmiş kontingentinə rəhbər təyin olunub. Bu vəzifəyə Rusiya Hərbi Desant Qüvvələrinin general polkovnik Andrey Serdyukov təyin olunub.
Qeyd edək ki, daha əvvəl KTMT-nın sülhməramlı missiyası çərçivəsində Rusiya Qazaxıstana 2500, Belarus 500, Tacikistan 200, Ermənistan isə 70 hərbçi göndərib.
Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tokayev iclasda ölkədəki gərgin vəziyyətlə bağlı KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Yanvarın 5-də gecə saatlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan prezidentinin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib. Bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, prezident Tokayevin müraciəti ilə əlaqədar, Qazaxıstan Respublikasının milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Kollektiv Təhlükəsizlik Şurası, Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsinə əsasən, KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstan Respublikasına göndərilməsi qərara alınıb.
KTMT kontingentinin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin birləşmələri daxildir.