Qazaxıstanda son durum
Ölkədə həyat tədricən normallaşır
Qazaxıstanda 5-6 yanvar hadisələrindən sonra ölkədə vəziyyət tədricən müsbətə doğru dəyişir. Respublikada iqtisadi fəaliyyətin normallaşması müşahidə olunur.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumatda deyilir ki, sərnişin qatarlarının hərəkəti tam bərpa edilib. Bəzi milli ödəniş sistemlərinin işi stabilləşib. Talançıların əməllərindən zərər çəkən kiçik və orta sahibkarlığa dövlət dəstəyi tədbirləri açıqlanıb. Mangistau vilayətində ictimai nəqliyyatın, eləcə də Aktau beynəlxalq hava limanının fəaliyyəti bərpa edilibdir.
Məlumatda terrorçu adlandırılan yaraqlıların əksəriyyətinin məhv edildiyi və ya saxlanıldığı bildirilib.
Toqquşmaların ən çox baş verdiyi Almatı şəhərində isə nəzarət-buraxılış məntəqələri yaradılıb və şəhərdən çıxışda avtomobillər diqqətlə yoxlanılır.
Qeyd olunub ki, şəhərdə vaxtaşırı atışma eşidilir, lakin əvvəlki günlər kimi intensiv deyil. Televiziyalarda xüsusi əməliyyat aparılan ərazilərdə pəncərələrdən uzaqlaşmaq çağırışları təkrarlanır. Bu arada bəzi ərzaq mağazaları açılsa da, sakinlər satışda çörəyin olmadığını deyirlər.
Bundan öncə Almatı vilayətinin hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu, lakin bölgədə terror təhlükəsinin ən yüksək səviyyədə qaldığını bəyan ediblər.