Luqansk şəhərində güclü partlayışlar baş verib
Sputnik informasiya agentliyi Ukraynanın şərqində yerləşən Donetskdə bir avtomobilin partlamasından az sonra Luqansk şəhərinin ətrafındakı boru kəmərlərində iki güclü partlayışın baş verməsindən xəbər verib.
SəhərAzəri-nin məlumatına əsasən, İlk güclü partlayış dünən gecə Luqansk şəhərinin ətrafında yerləşən «Malaya Verqonka» məhəlləsində baş verib. Yarım saat sonra ikinci partlayış da elə həmin məhəllədə baş verib.
Deyilənlərə görə, «Drujba» qaz boru xəttində baş verən ilk partlayış geniş yanğına səbəb olub.
Rusiya mediaları bu hadisədən az öncə qondarma Donetsk respublikasının paytaxtı- Donetskin mərkəzində güclü partlayışdan xəbər vermişdilər. Partlayışda bu respublikanın polis rəisinin avtomobili məhv edilsə də, onun özü zərər çəkməyibdir.
Bundan qabaq Ukraynanın şərqində yerləşən qondarma Donetsk respublikasının prezidenti Denis Puşilin bu bölgənin, eləcə də qondarma Luqansk respublikasının sakinlərinin boşaldılmasının başlanmasından xəbər vermiş və demişdi ki, onlar Rusiyaya gedəcəklər.
Puşilin cümə günü özünün Teleqram şəbəkəsindəki kanalında belə yazmışdı: Rusiya hökumətinin razılığı ilə həmin ölkənin cənubunda yerləşən Rostov vilayətində qondarma Donetsk və Luqansk respublikaları sakinlərinin məskunlaşdırılmaları üçün bir rayon ayrılıb.
Ukraynalı qüvvələr cümə axşamı və cümə günləri qeyd olunan bu iki respublikanın bir neçə rayonunu top və minaatanlar da daxil olmaqla ağır silahlarla atəşə tutublar. Bu hücumlar pulemyot, top və minaatanların pərakəndə atəşləri formasında davam etməkdədir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Donbas bölgəsində baş verənlər olduqca nigaranedicidir.
Ukraynanın şərqində yerləşən Donbas vilayəti Donetsk, Luqansk və bir neçə digər russakinli rayonlardan təşkil olunubdur.