Çin Tayvanın hava məkanında güc nümayiş etdirib
Tayvanın Müdafiə Nazirliyi onun hava hücumundan müdafiə zonasına daxil olan 9 Çin qırıcısına xəbərdarlıq etdiyini bildirib.
SəhərAzəri-nin Röyters-ə istinadən məlumatına əsasən, yeni missiyada istifadə olunan hərbi təyyarələrin sayı 29 yanvardakı 39 qırıcıdan xeyli az olub.
Nazirlik bildirib ki, son missiyaya səkkiz Çin J-16 qırıcısı və bir Y-8 kəşfiyyat təyyarəsi cəlb olunub və bu təyyarələr Cənubi Çin dənizinin yuxarı ucunda Tayvanın nəzarətində olan "Pratas" adalarının şimal-şərqindəki ərazi üzərində uçub.
Tayvan prezidenti Tsai İnq-ven çərşənbə günü Milli Təhlükəsizlik Şurasının İşçi Qrupunun toplantısına tövsiyə edib ki, Tayvanın bölgədəki donanma hərəkətlərinə nəzarəti və tətbiqini təkmilləşdirməlidir. Baxmayaraq ki o, birbaşa Çini qeyd etməyib.
Pekin Tayvanın Çin ərazisinin bir hissəsi olduğunu iddia edir və ABŞ-ın hərəkətlərini və Tayvana silah satmasını özünün suverenliyinin pozulması və "vahid Çin" siyasətinə zidd hesab edir.
ABŞ hökuməti bu yaxınlarda ABŞ-ın yüz milyardlarla dollarlıq hərbi büdcəsi haqqında qanun layihəsi imzaladı və bunun əhəmiyyətli bir hissəsi Çinə qarşı mübarizəyə və Tayvanı dəstəkləməyə həsr olunub.