Rusiya ən müasir texnikalarını meydana gətirir
Kreml ilk dəfə Ukraynada hipersəsli raket tətbiq edib
Quru qoşunlarının müxtəlif istiqamətlərdə irəliləməsi problemlə üzləşdikdə Kreml ilk dəfə olaraq Ukraynada hipersəsli raket tətbiq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynada hərbi əməliyyatlar zamanı hipersəsli silahın tətbiq olunduğunu bildirib. Bu barədə hərbi idarə səhər brifinqində məlumat verib.
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki hipersəsli aeroballistik raketli "Kinjal" və ya Xəncər aviasiya raket kompleksi tərəfindən İvano-Frankovsk vilayətində böyük yer altı hərbi sursat anbarı məhv edilib.
Onun sözlərinə görə, Rusiya qoşunları Odessa vilayətində radiotexniki kəşfiyyat mərkəzlərinə də "Bastion" sahil raketlərilə zərbə endiriblər.
2021-ci ilin dekabrında müdafiə naziri Sergey Şoyqu hipersəsli “Kinjal” raketli MiQ-31k təyyarələrilə silahlanmış əlahiddə aviasiya alayı barədə bildirmişdi. Həmin ilin payızında Rusiya prezidenti Vladimir Putin demişdi ki, ABŞ-ın raket əleyhinə müdafiə strateji sistemini yerləşdirməsinə cavab olaraq ölkə hipersəsli silah düzəltməyə başlayıb.