Mart 20, 2022 11:35 Asia/Baku
  • Ukraynada 1467 tank və 207 PUA məhv edilib

Müharibənin 25-ci günündə Rusiya MN Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki, müharibənin başladığı gündən indiyə qədər Ukraynanın 207 PUA-sı, 1467 tankı və digər zirehli maşını, 148 reaktiv yaylım atəş sistemi, 573 artilleriya və minaatanı, 1262 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

RF MN-nin rəsmi nümayəndəsi həmçinin bildirib: "Rusiya hərbçiləri Xəzər dənizindən “Kalibr” qanadlı raketləri və Krım hava məkanından “Kinjal” hipersəsli raketləri ilə Ukraynanın Nikolayev vilayətində iri yanacaq-sürtkü materialları anbarına zərbə endirib. 

Müdafiə Nazirliyinin sözçüsü onu da qeyd edib ki, Ukrayna xüsusi əməliyyat qüvvələrinin təlim mərkəzinə endirilən dəqiq zərbə nəticəsində 100-dən çox ukraynalı hərbçi və əcnəbi muzdlu ölüb.

Bundan başqa Ukrayna ordusu Donetsk separatçıları ilə ötən gün baş verən hərbi toqquşmalarda 70 hərbçisini, o cümlədən texnikasını itirib.

Qondarma Donetsk Xalq Respublikası polisinin bildirdiyinə görə, son sutkada yaraqlılar 70-dən çox millətçini, o cümlədən 3 tank, 5 PDM, 4 zirehli maşın, artilleriya sursat anbarı və düşmənin 50 atəş nöqtəsini məhv ediblər.

Ən son məlumata görə, Rusiya ordusu Ukraynanın Mariupol şəhərində içərisində 400-ə yaxın dinc sakin olan incəsənət məktəbinə bomba atıb.

Sakinlər Rusiya bombardmanına görə məktəbdə gizlənibmiş. Məktəbdəki 400-ə yaxın dinc ukraynalının çoxu uşaq, qadın və yaşlı olub. Bombardman nəticəsində bina uçub. Dağıntılar altında hələ dinc sakinlərin qaldığı bildirilib. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Bundan əvvəl martın 16-da da Rusiya qırıcıları Mariupolda dinc sakinlərin sığındıqları dram teatrının binasını bombalayıb. Orada yüzlərlə dinc sakinin olduğu bildirilib.

Teqlər