Mart 23, 2022 15:44 Asia/Baku
  • Polşa rus diplomatları ölkədən çıxarır, Rusiya reaksiya verdi

Polşa Rusiyanın 40-dək diplomatını casusluq ittihamı ilə ölkədən çıxarır. Bu barədə Polşanın “Onet.pl” internet saytı hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər Rusiyanın Polşadakı səfiri Sergey Andreyev məsələ ilə əlaqədar təcili surətdə Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirin Polşa mülki qeydiyyat idarəsinin əməkdaşının Rusiya kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham edilərək saxlanılması barəsində hökumətin açıqlamasından bir neçə saat sonra XİN-ə çağırılıdığı vurğulanıb.

Polşa daxili təhlükəsizlik idarəsinin rəsmisi Stanislav Zarin Rusiyanın kəşfiyyat dairələri ilə əməkdaşlıqda ittiham edilən 45 dipomatın adının yer aldığı siyahının hazırlandığını təsdiqləyib. Siyahıda Rusiyanın Varşavadakı səfirliyinin dipomatlarının, eləcə də onların həyat yoldaşlarının adlarının olduğu bildirilib.

Bildirilib ki, həmin şəxslər Vyana Konvensiyasına zidd olaraq həssas məlumatlar toplamaqla, eləcə də Polşa vətəndaşlarını Rusiya Federasiyasının xeyrinə əməkdaşlığa cəlb etməklə casusluq fəaliyyəti ilə məşğul olublar.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan, Latviya, Litva və Estoniya da rus diplomatlarını “arzuolunmaz şəxs” elan edib və ölkədən çıxarıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumata münasibət bildirərk deyib: "Kreml Rusiya diplomatlarının Polşadan mümkün qovulması ilə bağlı xəbərləri görüb və eşidib, əgər onlar doğrudursa, bu hərəkətlər cavabsız qalmayacaq".

Teqlər