Biolaboratoriyalar və ABŞ-ın hoqqabazlığı
Peskov: Bioloji silahlar potensial olaraq çox qorxulu silahlardır
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir daha ABŞ tərəfindən Ukraynada biolaboratoriyaların yaradıldığını iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, Peskov deyib: "Rusiya Federasiyası və Belarus ətrafında ABŞ proqramının bir hissəsi olaraq müəyyən etnik qruplara qarşı yeni növ bioloji silahların hazırlanması üçün biolaboratoriyalar şəbəkəsi yaradılıb, Pentaqonun maliyyələşdirdiyi proqram çərçivəsində ətrafımızda nəinki son dərəcə təhlükəli patogenlər, mikroblar, viruslar üzərində işləyən bütöv bir biolaboratoriyalar şəbəkəsi yaradılıb, həm də yeni növ ixtira layihələri üzərində işləyirlər. Bu, potensial olaraq çox qorxulu silahdır".
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, ABŞ Ukraynadakı biolaboratoriyalar mövzusundan uzaqlaşaraq diqqəti yayındırmağa və hoqqabazlıq etməyə çalışır.
"Amerikalılar indi diqqəti yayındırmağa, hoqqabazlıq etməyə və s., söhbəti qeyri-ciddi müstəviyə yönəltməyə çalışırlar. Amma faktlar öz sözünü deyir. Və bu faktlar təkcə bizi narahat etmir, həm də çoxlarını narahat edir. Belarusu, həm də Çini və Hindistanı”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ-ın digər ölkələrin ərazilərindəki biolaboratoriyaları haqqında məlumatların emalı davam edir.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, həqiqət dozalı şəkildə ictimaiyyətə açıqlanacaq və Rusiya getdikcə daha çox öyrənəcək və Vaşinqton getdikcə daha çox rüsvayçı vəziyyətə düşəcəkdir.