Bayden Ukraynaya 33 mlrd. dollarlıq silah yardımı etmək istəyir
ABŞ prezidenti Co Bayden cüməaxşamı Konqresdən Rusiyaya qarşı Ukraynaya dəstək üçün silah və digər yardım məqsədilə 33 milyard dollar ayrılmasına icazə istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, Bayden Ağ Evdə etdiyi çıxışında bu miqdarda maliyyə vəsaitinin Rusiyaya qarşı hücum üçün deyil Ukraynaya kömək üçün olduğunu deyib.
Ukraynalılara yaxın aylarda Rusiyanın hücumunu dəf etməkdə kömək üçün 33 milyard dollar lazımdır. Maliyyə yardımı bu maliyyə ili üçün nəzərdə tutulub, deyə administrasiya nümayəndəsi Turan-ın müxbirinə bildirib.
Qeyd edilən vəsaitin 20,4 milyard dolları hərbi yardıma və təhlükəsizliyin təmin edilməsinə - 5 milyard silah yardımı, 8,5 milyard dollar iqtisadi yardım, 3 milyard dollar humanitar və ərzaq yardımıdır.
"Bu vəsait fasiləsiz artilleriya, zirehli texnika, tank və hava hücumundan müdafiə vasitələri axınını təmin edəcək. Bu, həmçinin ABŞ qoşunlarının NATO ölkələri ərazisində yerləşdirilməsinə dəstək sayəsində NATO-nun təhlükəsizlik sistemini möhkəmləndirəcək", deyə Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib.
Rusiya Prezidenti Vladimir Putin isə srağa gün Sankt-Peterburqda Qanunvericilər Şurasının iclasında etdiyi çıxışında qərb dövlətlərinin Ukraynada Rusiyaya qarşı fəaliyyətləri barədə xəbərdarlıq etdi: “Ukraynadakı vəziyyətə kimsə kənardan müdaxilə etsə, ildırımsürətli cavab olacaq”,- deyə Putin bildirmişdi.
Bunun ardınca Rusiya XİN sözçüsü Ukraynanın Rusiyaya NATO-dan aldığı silahlarla zərbə vurması ilə bağlı fikirlərin ölkəsinin sərt reaksiyasına səbəb olacağı xəbərdarlığını etdi.