May 01, 2022 12:27 Asia/Baku
  • Rusiya Odessa hava limanına raket zərbələri endirdi

Ukraynada müharibə həssas mərhələyə daxil olub. Rusiya bu ölkənin cənub limanlarını bağlamağa və Donbası öz nəzarətinə almağa çalışarkən, prezident Zelenski işğal olunmuş ərazilərin qaytarılacağını vəd edir. 

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib və onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.

Bu arada Britaniya kəşfiyyatı məlumat yayıb ki, Rusiya martın əvvəlində Xerson şəhərini ələ keçirdikdən sonra rusiyapərəst administrasiya qurmaqla şəhər və ətraf rayonlar üzərində öz nəzarətini qanuniləşdirməyə cəhd edib. Xersona və onun nəqliyyat əlaqələrinə uzunmüddətli nəzarət Rusiyanın şimal və qərbdə irəliləyişləri dəstəkləmək qabiliyyətini artıracaq və Krım üzərində nəzarətinin təhlükəsizliyini yaxşılaşdıracaq.

Ukrayna isə yeni qələbələr barədə xəbər yayır. İddia olunur ki, bu ölkə ordusu Rusiyanın iki qərargahını sıradan çıxarıb.

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib. İlkin məlumata görə, bir neçə yüz hərbçi öldürülüb.

Arestoviç, həmçinin şənbə günü KİV-də Rusiya Hava-Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general A.D. Simonovun öldürülməsi ilə bağlı yayılan məlumatı şərh edib.

O vurğulayıb ki, dəqiqləşmə tələb edən bəzi məlumatlara görə, Hava Desant Qüvvələrinin qərargah rəisi məhv edilib.

Ukrayna prezidenti Vladimir Zelenski isə müharibənin perspektivindən danışıb. 

“Ukrayna azad olunacaq. Xerson, Nova Kaxovka, Melitopol, Berdyansk, Dneprudne və bütün digər müvəqqəti qəsb olunmuş şəhərlər azad ediləcəklər”, - deyə Zelenski qeyd edib.

Teqlər