Rusiya Qərbin Ukraynaya qeyri-adi dəstəyindən qəzəblənib
Peskov: Qərblilər Ukraynaya kəşfiyyat məlumatları ötürür
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ABŞ, Britaniya və NATO davamlı olaraq Ukraynaya kəşfiyyat məlumatları ötürür.
SəhərAzəri-nin məlumatına əsasən, o deyib: Rusiya qoşunları ABŞ, NATO və Böyük Britaniyanın Ukraynaya kəşfiyyat məlumatlarının mütəmadi şəkildə ötürülməsi faktlarından xəbərdardır.
Bununla belə Peskov qeyd edib ki, bu cür hərəkətlər xüsusi əməliyyatın məqsədlərinə çatmağa mane olmaq iqtidarında deyil.
Bir müddət öncə “New York Times” Ağ Evin yüksək rütbəli rəsmilərinə istinadən yazıb ki, Vaşinqton Ukraynaya xüsusi əməliyyatın ikinci mərhələsi başlayandan sonra kəşfiyyat məlumatları ötürüb. Bu məlumatların rusiyalı zabitlərinin ölümünə səbəb olduğu iddia edilir.
Öz növbəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da Qərb və NATO ölkələrinə qarşı çıxış edib və deyib ki, bəzi ölkələr Ukraynanı silahlandırmaqla, onu Rusiya ilə döyüş meydanına çevirir.
Digər tərəfdən Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun “Newsweek” jurnalı üçün “Rusiyanın nüvə siyasəti: faktlar və feyklər” adlı məqaləsində deyilir ki, Rusiya ABŞ-ı və onun Avropadakı müttəfiqlərini təhdid etmir. Rusiya əksinə Ukrayna böhranının daha da genişlənməsinin qarşısını almaq üçün var gücü ilə çalışır.
Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynadakı müharibə əməliyyatlarının gedişi ilə kifayət qədər tanış olmadığını, lakin bu müharibənin onun gözləmədiyi şəkildə uzandığını etiraf edib.
Lukaşenko “Associated Press” agentliyinə müsahibəsində deyib: “Mən bu müharibənin bu şəkildə uzanacağını düşünmürdüm. Bu problemin o qədər də içində deyiləm ki, ruslar üçün, özlərinin dediyi kimi, plana uyğun gedib-getmədiyini deyə bilim. Amma bir daha vurğulamaq istərdim ki, hiss edirəm bu müharibə uzandı”, – deyə Lukaşenko cümə axşamı “Telegram” kanalında yayımladığı müsahibəsindən bir fraqmentdə bildirib.
Putinlə qarşılıqlı münasibətlər barədə də fikir bildirən Belarus prezidenti Putini “böyük qardaşı” adlandırıb. O iddia edib ki, Putinin başqa heç kimlə onunla olduğundan daha yaxın, açıq və mehriban münasibəti yoxdur.
Çərşənbə axşamı Kremlin mətbuat xidməti bildirib ki, Putin və Lukaşenko telefon danışığında iki ölkə arasında tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da gücləndirmək niyyətlərini təsdiqləyiblər.