Ukraynada müharibə şiddətlə davam edir
Rusiya 20 komanda məntəqəsini vurduğunu bildirir
Rusiya və Ukrayna müharibənin son vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar yayırlar.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov Ukraynanın 22 komanda məntəqəsinin vurulduğunu iddia edib.
Onun sözlərinə görə, Rusiya raket qüvvələri Ukrayna qoşunlarının 22 komanda məntəqəsini və 3 silah-sursat anbarını, həmçinin 207 istehkam və düşmənin canlı qüvvə və texnikasının cəmləşdiyi əraziləri məhv edib.
Ukrayna Müdafiə Nazirliyinin gündəlik operativ məlumatında isə bildirilib ki, qarşı tərəf İzyum istiqamətində PUA-lar vasitəsilə hava kəşfiyyatı aparır: Bir neçə yaşayış məntəqəsində üç körpü partladılıb. Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarına mane olmaq üçündür. Donetsk və Tavriya istiqamətlərində düşmən təmas xətti boyunca artilleriya atəşini davam etdirir. Bununla yanaşı Mariupol şəhərində müdafiə qüvvələrinin Azovstal rayonundakı bölmələrinin mühasirəsi davam edir. həmçinin Rusiya ordusu Nikolayev şəhərinin mülki infrastrukturunu raketlərdən və çoxsaylı reaktiv yaylım atəşindən atəşə tutub.
Vurğulanıb ki, Nikolayev vilayətinin İvano-Kepin qəsəbəsində qarşı tərəfin döyüş sursatı anbarı və 20 texnikası məhv edilib. Ümumilikdə son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin 14 PUA-sı, 3 tankı, 8 artilleriya sistemi, 7 zirehli döyüş maşını, 1 avtomobili, 3 mühəndis texnikası məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 8 hava hücumu dəf edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da iddia edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 5 yaşayış məntəqəsinə nəzarəti bərpa edib.