Türkiyə S-400-ləri Ukraynaya verməkdən imtina edib
ABŞ indi Yunanıstanı təhrik edir
Türkiyədən əli üzülən ABŞ Yunanıstana S-300-ləri Ukraynaya verməsi üçün təzyiq göstərir.
SəhərAzəri-nin Sputnikə istinadən verdiyi məlumatına əsasən, Türkiyənin Rusiyanın S-400 zenit raket kompleksini Ukraynaya verməkdən imtina etməsindən sonra Vaşinqton Afinaya S-300-ləri Kiyevə verməsi üçün təzyiq edir.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyytaları başlayandan ABŞ Türkiyəyə S-400 raket komplekslərini Kiyevə verməyi təklif edib. Vaşinqton nümayəndələri bu məsələni türkiyəli həmkarları ilə məsləhətləşmələr zamanı qaldırılıb və həmin məsələ ABŞ dövlət katibinin birinci müavini Vendi Şermanın Türkiyəyə səfəri zamanı müzakirə olunub. Bu ideya Türkiyə tərəfindən rədd edilib. Ankara rəsmiləri hazırda S-400-lərin Türkiyənin özünə lazım olduğunu bildiriblər.
Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini alması başda ABŞ olmaqla onun NATO müttəfiqlərinin etirazına səbəb olmuşdu. ABŞ rəhbərliyi dəfələrlə bəyan edib ki, S-400 NATO silahları ilə uyğunsuzluq təşkil edir və onun əldə olunması siyasi məsələdir. Lakin Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, "S-400" zenit-raket kompleksi məsələsinin siyasi məsələ olaraq dəyərləndirilməsi yanlışdır. "S-400" hərbi ehtiyac nəticəsində əldə edilib. Türkiyə Cümhuriyyətinin təhdidlərdən qorunmaq üçün Hava Hücumundan Müdafiə (HHM) Sistemlərinə ehtiyac vardı.
Türkiyə daha əvvəl ABŞ-dan "Patriot" sistemləri almaq istəmiş, lakin müxtəlif bəhanələrlə rəsmi Vaşinqton bu qurğunu Ankaraya verməkdən imtina etmişdi. Türkiyə daha sonra bu ehtiyacını qarşılamaq üçün Çinə müraciət edib. ABŞ bu sövdələşmənin də baş tutmaması üçün lobbiçilik fəaliyyəti göstərib. Son nəticədə, bütün siyasi risklərə baxmayaraq, Türkiyə bu müdafiə sistemlərini Rusiyadan alıb.
NATO müttəfiqləri isə Türkiyəni Rusiya ilə silah alverində ittiham edərək ona qarşı sanksiyalar qəbul ediblər.