Ukrayna Baş Qərargahı hücumçu ölkənin tələfatı barədə yeni məlumat yaydı
"Rusiyanın itkiləri 26 minə çatıb"
Ukrayna Baş Qərargahı hücumçu ölkənin tələfatı barədə yeni məlumat yayaraq, fevralın 24-dən bugünədək 26 min rus hərbçisinin həlak olduğunu iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 26 000 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 1 170 ədəd tankı, 2 808 ədəd zirehli döyüş maşını, 519 ədəd artilleriya sistemi, 185 ədəd reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 158 ədəd helikopteri, 1 980 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 380 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.
Bu arada Pentaqon rəsmisi bildirib ki, Rusiya ordusu şimalda yalnız üç batalyon taktiki qrupunun fəaliyyət göstərməsinə baxmayaraq, Xarkovu şimal və şərqdən at nalı şəklində mühasirəyə almaq səylərini davam etdirir. Ruslar Belqorod vilayətində 19 batalyon taktiki qrupu toplayıblar. Yəqin ki, onlar Ukrayna ordusunun Rusiya ilə sərhədə çatmasının qarşısını almaq üçün Xarkov istiqamətini gücləndirə bilərlər.
Digər tərəfdən ukraynalı hərbi ekspert Oleq Jdanov iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı müharibəyə rəhbərlikdən uzaqlaşdırdı. Onun yerinə gətirilən yeni rəhbər bütün qüvvələrlə Ukrayna ordusuna hücum əmri verə bilər.
Onun sözlərinə görə, qarşıdakı həftələrdə döyüşlərin şiddətlənəcəyi gözlənilir. Belə ki, Rusiya qoşunları Xarkov vilayətinin inzibati sərhədinə doğru hücumu daha da inkişaf etdirə bilərlər.