Rusiya ordusu Slavyanska hücuma hazırlaşır
Zelenski, Ukraynanın ağır tələfat verəcəyindən əndişələnir
Rusiya ordusunun yeni hücumlara başlaması Ukrayna rəhbərini vahiməyə salıb.
SəhərAzəri-nin məlumatına əsasən, rus hərbçiləri Slavyansk şəhəri istiqamətində yenidən hücuma keçməyə hazırlaşır. İzyumun cənub hissəsində isə əlavə top artilleriya bölmələri yerləşdirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Donetsk istiqamətində düşmən Lisiçansk və Severodonetsk şəhərlərini mühasirəyə almaq, daha sonra Luqansk vilayətinin inzibati sərhədinə çıxmaq üçün hücum əməliyyatı keçirməyə hazırlaşır.
Bu arada Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Krımın işğaldan azad edilməsi Ukrayna ordusu üçün ciddi itki ilə nəticələnə bilər.
“Əminəm ki, bizdən yüzminlərlə itki ola bilər”, - deyə Zelenski bildirib.
Digər tərəfdən Pentaqon rəhbəri Lloyd Ostin Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı ümumi strategiyasının məlum olmadığını söyləyib.
O bildirib ki, Putin müharibədə əvvəlcə üstün gücündən istifadə edərək tezliklə Kiyevi işğal etmək və Ukrayna hakimiyyətini dəyişdirməyi hədəfləyirdi, lakin bu plan baş tutmadı.
Amerikanın müdafiə naziri onu da qeyd edib ki, 20 ölkə Ukraynaya yeni hərbi yardım paketləri təqdim etməyi öhdəsinə götürüb. Bir çox ölkələr artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və digər zirehli maşınlar verəcək. Digərləri Ukrayna qüvvələrinə təlim keçmək və onun ordusuna dəstək vermək üçün yeni öhdəliklər götürüblər”, deyə Ostin bildirib.