Rusiyanın torpaq iştahı bitmir
İşğal olunan Ukrayna əraziləri müzakirə mövzusu olmayacaq
“İzvestiya” qəzeti öz mənbələrinə istinadla Rusiyanın işğal etdiyi əraziləri özünə birləşdirəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, qəzet yazır ki, gələcək Rusiya-Ukrayna sülh sazişində Kreml Zaporojye və Xerson vilayətlərinin, eləcə də Donbas və Krımın statusunu müzakirə etmək niyyətində deyil.
Mənbə qəzetə açıqlamasında deyib ki, martın 29-da Türkiyədə keçirilən danışıqlarda Rusiya müharibəni dayandırmağa hazır olduğunu bildirmişdi. Putin belə bir addıma hazır idi, lakin Qərb Ukraynaya təzyiq etdi və Kiyev öz təkliflərini geri götürdü.
Bu arada Ukraynadan daxil olan məlumata əsasən, Rusiya hərbçiləri Luqansk bölgəsini şiddətli atəşə tutur. Donbas uğrunda döyüşlər davam edir.
Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday bu haqda deyib: “Lisiçanskda ruslar bazara, mədən kollecinə və məktəbə zərbə endiriblər. Zərbə nəticəsində ticarət pavilyonlarında başlayan və 1000 kvadratmetri əhatə edən yanğın bir neçə saat ərzində xilasedicilər tərəfindən söndürülüb. Şəhərin təhsil müəssisələri də dağıdılıb. Dağ-mədən və sənaye peşə kollecinin binası demək olar ki, tamamilə yanıb. Eyni zamanda, gün ərzində Luqansk vilayətində 5 nəfər yaralanıb”.