İyun 09, 2022 13:07 Asia/Baku
  • Yunanıstan səhvini başa düşdü

ABŞ tərəfindən oğurlanan İran nefti qaytarılacaq

SəhərAzəri- Röyters xəbər verir ki, Yunanıstan məhkəməsi bu ölkənin sahillərində İranın neftini daşıyan gəminin yükünü müsadirə etmək üçün ABŞ-a icazə verən hökmü bu gün ləğv edib.
SəhərAzəri-nin məlumatına əsasən, Röyters yazır ki, Yunanıstan sahillərində İran neftini daşıyan gəminin ABŞ tərəfindən saxlanılması və onun neft yükünün müsadirə edilməsi İranı qəzəbləndirdi və rəsmi Tehran qarşılıqlı olaraq Fars Körfəzində Yunanıstana aid olan 2 neftdaşıyan gəmini saxladı. İran bildirdi ki, Afinaya qarşı cəza tədbirləri görəcək. 
Röytersin verdiyi məlumata görə, Yunanıstan məhkəməsi artıq ilkin hökmun ləğvinə qərar verib və bu, apelyasiya rəyi hesab olunduğundan onun dəyişdirilməsi çox çətin olacaq.
Röyters Yunanıstan məhkəməsinin bu qərarının hələ mediyaya açıqlanmadığını bildirib. 
Yunanıstan rəhbərliyi iki həftə öncə İran bayrağı ilə Yunanıstanın Ubuyabi adası yaxınlığında hərəkət edən Lana neftdaşıyan gəmini 19 rus personalı ilə birlikdə saxladı. Yunanıstan məhkəməsinin ilkin qərarı əsasında Amerikaya bu gəminin neft yükünün bir hissəsini götürməsinə icazə verildi. 
Yunanıstan hökumətinin ABŞ-ın tələbinə əsasən İran gəmisinin neftinin boşaldılması və başqa gəmiyə köçürülməsinə təşəbbüs göstərməsindən sonra mayın 27-də İslam İnqilabının Keşikçiləri Korpusu(Sepah) bildirdki ki, Fars körfəzi sularında Yunanıstana aid olan 2 neftdaşıyan gəmini qanunları pozduğuna görə saxlayıb. 
İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei 4 iyun İmam Xomeyninin(r.ə) rehlətinin ildönümü mərasimində etdiyi çıxışında Yunanıstan sahillərində İran gəmisinə qarşı qanunsuz hərəkəti oğurluq adlandırdı: “ İran neftini Yunanıstan sahillərində oğurlayırlar, ardınca İran İslam Respublikasının fədakar igidləri əvəzini çıxırlar və düşmənin neftdaşıyan gəmisini saxlayırlar. Amma onlar malik olduqları mediya imperiyası vasitəsi ilə İranı oğurluqda ittiham edirlər! Oğru kimdir? Oğru sizsiniz ki, bizim neftimizi oğurlamısınız, biz isə geri almışıq. Oğurluq malı geri almaq oğurluqdu?”,- deyə Aliməqam rəhbər buyurub. 
İranın ABŞ-ın oğurluğu və Yunanıstanın bu oğurluqda əlbir olmasına qarşı böyük güc nümayiş etməsindən sonra görünür Yunanıstan bu hərəkətinin nəticələrindən vahiməyə düşərək İranın oğurlanmış neftinin qaytarılması qərarına gəlib. 
İranın Yunanıstandakı səfiri Əhməd Nadiri də bu gün bir tvittdə Yunanıstan məhkəməsinin yeni qərarı barədə xəbəri təsdiqləyib və belə yazıb: Yunanıstanın apelyasiya məhkəməsi İran neftinin müsadirə edilməsinə dair özünün ilkin hökmünü ləğv edib və Allahın mərhəməti ilə neft yükü İrana qaytarılacaqdır.

Teqlər