Ulyanov: Vyana danışıqlarını yenidən başlamaq imkanı var
Rusiyanın BMT-nin Vyanada yerləşən təşkilatındakı nümayəndəsi Mixail Ulyanov İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların dayandırılmasını Qərb tərəflərinin yanlış qərarı kimi qiymətləndirib və Vyana danışıqlarının yenidən başlanması fürsətinin olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Mixail Ulyanov deyib: "Vyana danışıqlarının dayandırılmasından düz 100 gün keçir. Məncə, danışıqların dayandırılması Avropa Birliyi və Qərb nümayəndə heyətlərinin qəbul etdiyi səhv qərar idi, lakin belə bir qərara ehtiyac yox idi".
Sanksiyaların ləğvi və Nüvə Sazişinin dirçəldilməsi ilə bağlı layihə mətninin məzmununun 99 faizinin martın 10-da əldə olunduğuna diqqət çəkən Ulyanov əlavə edib: "Sadəcə bəzi xırda məsələlər qalıb ki, onların həlli ən çox bir və ya iki günlük səy tələb edirdi".
Ulyanov Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasında anti-İran qətnamənin qəbul edilməsini tənqid edərək, deyib: "Bu qətnamənin təsdiq edilməsinə baxmayaraq, Vyana danışıqlarını yenidən başlamaq üçün hələ də fürsət var".