Avstriya Təbrizdə birgə mədəni layihələr həyata keçirmək istəyir
Vyana ilə Tehranın müxtəlif sahələrdə, o cümlədən tətbiqi elmlər, texnologiya, mühəndislik və tibb sahələrində sıx əlaqələrə malik olduqlarını bildirən Avstriyanın Tehrandakı səfiri bu ölkənin Təbrizdə müştərək mədəni layihələr həyata keçirmək niyyətində olduğunu qeyd edib.
SəhərAzəri-nin məlumatına əsasən, Avstriya səfiri Volf Ditrix Haym İranın Təbriz şəhərinin meri və İslam Şurasının üzvləri ilə görüşdə deyib: Avstriya altmış ildən çoxdur ki, İranda mədəniyyət və musiqi sahəsində fəal iştirak edir. Avstriya mədəniyyət cəmiyyəti də son bir neçə ildə İranın müxtəlif vilayətlərində fəaliyyət göstərib və Təbrizdə birgə mədəni layihələrin həyata keçirilməsi üçün səylər göstərilir.
Avstriyanın İrandakı səfiri əlavə edib: İran və Avstriyanın bir neçə əsrlik əlaqələri, xüsusən ötən 150 ildə əməkdaşlıq müqaviləsinin imzalanması, Avstriyanın Təbrizdə ilk konsulluğunun açılmasına və bu ölkənin İranla əlaqələrinin daha yaxşı və daha asan olmasına səbəb olub.
Görüşdə Təbrizin tarixi keçmişə malik olduğunu qeyd edən şəhərin meri Yaqub Huşyar da Avstriya ilə daha geniş əlaqələrə hazır olduğunu bildirib.