BMT: Yəmən və Suriyada aclıq və ərzaq çatışmazlığı pik həddə çatıb
BMT-nin Yəmən və Suriyadakı Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi hər iki ölkədə aclıq və ərzaq çatışmazlığı təhlükəsinin görünməmiş həddə çatdığını bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin Suriyada humanitar məsələlər üzrə koordinatoru İmran Rza bildirib ki, hazırda suriyalıların 90 faizdən çoxunun yoxsulluq içində yaşadığı təxmin edilir və bu ölkədə ərzaq çatışmazlığı təhlükəsi rekord həddə çatıb.
O, əlavə edib: "Suriyada humanitar ehtiyaclar misilsizdir. Bu gün 14,6 milyon kişi, qadın və uşağın yardıma ehtiyacı var ki, bu da 2021-ci ilə nisbətən 1,2 milyon nəfər çoxdur və böhran başlayandan bəri ən yüksək göstəricidir".
İmran Rza qeyd edib ki, ehtiyacların sürətlə artması dərinləşən iqtisadi böhran, davam edən köçkünlər, ölkənin bəzi bölgələrində davam edən döyüşlər və iqlim sarsıntılarından qaynaqlanır.
Bundan əvvəl BMT-nin baş katibi Suriyada humanitar vəziyyətin hələ də milyonlarla uşaq, qadın və kişi üçün ağır olduğunu və Suriya xalqının 90 faizinin yoxsulluq həddinin altında yaşadığını bildirərək, Türkiyədən Suriyaya yardımların daşınmasına icazə verən qətnamənin müddətini uzatmağa çağırıb, hansı ki, Dəməşqin suverenliyini pozur.
BMT-nin baş katibi Antonio Quterreş yerli vaxtla bazar ertəsi axşam Təhlükəsizlik Şurasının Suriya mövzusunda keçirilən iclasında deyib ki, "11 il əvvəl müharibə başlayandan bəri ehtiyaclar ən yüksək həddə çatıb".
BMT-nin Yəməndəki Humanitar Məsələlər üzrə Koordinasiya ofisi də bildirib ki, hazırda bu ölkədə aclıq 2015-ci ildən bəri ən yüksək səviyyədədir. Yəməndə 19 milyondan çox insan aclıq çəkir, o cümlədən 160 mindən çox insan aclıq astanasındadır.