Rusiya qonşu ölkənin ərazisində qanunsuz ilhaq referendumu keçirir
Ryabkov: Heç kəs bizi qərarımızdan uzaqlaşdıra bilməz!
Rusiya xarici işlər nazirinin müavini bəyan edib ki, Ukrayna ərazilərində ilhaq referendumuna kənar qüvvəlrin etirazı Kremlin mövqeyinə təsir etməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Ryabkov deyib: "Donbasda, eləcə də Xerson və Zaporojye vilayətlərində keçirilən referendumlara dair Qərbin fikirləri və mümkün sanksiyalar Rusiyanı yolundan çəkindirmir, əksinə, onun məqsədlərinə çatmaqda qətiyyətini artırır."
Ryabkov sanksiyalar mövzusunda danışarkən qeyd edib ki, Rusiyanı yeni sanksiyalarla şantaj etmək üçün daha bir cəhd haqqında eşitmişik, lakin bu cəhdlər əvvəllər də olub: sanksiya təzyiqi konseptual və maddi cəhətdən tükənib.
Sentyabrın 23-də "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum başlayıb. Səsvermə beş gün, sentyabrın 27-dək davam edəcək. Yerli əhali dərhal referendumların keçirilməsi təşəbbüsü ilə regional hakimiyyətə müraciət edib.
Rusiya Prezidenti Vladimir Putin ötən həftə Rusiyanın Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinləri tərəfindən veriləcək qərarı dəstəkləyəcəyini bildirib.