Okt 02, 2022 15:18 Asia/Baku
  • Krımda Rusiyanın hərbi təyyarəsi alovlanıb

Rusiyanın bir ədəd hərbi təyyarəsi aerodrom zolağından çıxdıqdan sonra alovlanıb. Nəticədə Rusiyanın Krım yarımadasında yerləşən hərbi hava bazasında böyük bir yanğın baş verib.

SəhərAzəri-nin məlumatına əsasən, Sevastopolun icra başçısı Mixail Razojayev şənbə günü gecə bildiribdir ki, Blik kəndində yerləşən hava bazasındakı zolaqdan çıxdıqdan sonra təyyarədə sursat partlayışı baş verib.

Razojayev öz teleqram kanalında yazıb: Pilot sağ-salamat təyyarədən çıxıb və yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar.

Bu hadisədən sonra Krım yarımadasının səmasında tüstüdən yaranmış böyük bir qara buludu göstərən videolar sürətlə sosial şəbəkələrdə yayılıb.

İndiyədək ukraynalı qüvvələrin bu partlayışla əlaqələrinin olması haqda bir məlumat yayılmayıb.

Bundan qabaq da iri partlayışlar nəticəsində Krımın qərbində, Qara dəniz sahilində yerləşən Saki hava bazasında bir neçə bina və azı səkkiz hərbi təyyarə məhv olmuşdu.

Ukraynalı rəsmilər deyiblər ki, bu partlayışlar partizanların köməyilə bu ölkə qüvvələri tərəfindən edilmiş hücumlardan irəli gəlib, amma Rusiya rəsmiləri bildiriblər ki, bu bazada saxlanılan sursatlar özü-özünə alovlanıblar.

 

Teqlər