Tacikistan Qırğızıstanın sərhədi yaxınlığında döyüş mövqeləri hazırlayır
Tacikistan ordusu Qırğızıstanın sərhədi yaxınlığında döyüş mövqeləri hazırlayır.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Qırğızıstan sərhəd xidməti məlumat yayıb.
Qeyd olunub ki, tacik hərbçiləri Qırğızıstanla sərhədin bütün perimetri boyu xəndəklər qazırlar. Həmçinin Qırğızıstan tərəfi sərhədi pozaraq kəşfiyyat aparan pilotsuz uçan aparatlardan istifadə olunması ilə bağlı 10 fakt açıqlayıb.
Bundan əvvəl Qırğızıstanın müdafiə naziri Baktıbek Bekbolotov sülhün qorunması üçün Tacikistanla sərhəddə KTMT qüvvələrinin yerləşdirilməsini təklif etmiş, lakin sözü gedən hərbi alyansdan cavab gəlməmişdi.
Bunun ardınca Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 10-14 oktyabr tarixlərində Qırğızıstanda keçirilməsi planlaşdırılan “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olundu.
“Sarsılmaz Qardaşlıq – 2022” çərçivəsində sülhməramlı əməliyyatının keçirilməsi və atəşkəs rejiminin təmin edilməsinə dair təlimlərin keçirilməsi nəzərdə tutulmuşdu. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, vertolyotlar və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı. Təlimə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilər də dəvət olunmuşdu.
Xatırladaq ki, həm Tacikistan, həm də Qırğızıstan KTMT-nin üzvüdür və alyans bu günədək yaranmış münaqişəyə müdaxilə etməkdən çəkinib.