Putin: Avrasiyanın əhəmiyyəti ildən-ilə artır
Avrasiya İqtisadi Forumu özünün on beş illik tarixində Böyük Avrasiya ərazisində əməkdaşlığın inkişafı ilə bağlı ciddi, məzmunlu söhbətin aparıldığı beynəlxalq platforma kimi yüksək nüfuz qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya prezidenti Vladimir Putinin Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumunun iştirakçılarına təbrikində deyilir.
Rusiya Prezidentinin sözlərinə görə, Avrasiyanın əhəmiyyəti ilbəil artır, yeni iqtisadi yüksəliş mərkəzləri güclənir, inteqrasiya qrupları yaranır və onların potensialları birləşdirilir. Avrasiya regionu ölkələri arasında əməkdaşlıq suverenlik və bərabərlik prinsiplərinə əsaslanır.
"Region dövlətləri arasında əməkdaşlıq suverenlik, bərabərlik, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanır. Rusiya da öz növbəsində Böyük Avrasiyada kontinental sülh, sabitlik və firavanlıq məkanının yaradılmasına yönəlmiş fəal səylərini davam etdirəcək", - deyə Rusiya prezidenti təbrikində bildirilir.