Rusiya rəhbəri hərbi əməliyyatla bağlı mövqeyini müdafiə edib
Putin: Ukrayna ilə münaqişə qaçılmaz idi
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasındakı çıxışında Ukrayna ilə münaqişənin qaçılmaz olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Putin xüsusi hərbi əməliyyat barədə qeyd edib ki, Ukraynada baş verənlər ümumi faciəmizdir.
"Bizi qınamağa heç nə yoxdur. Biz Ukrayna xalqını həmişə qardaş xalq hesab etmişik. Mən hələ də belə düşünürəm. Baş verənlər təbii ki, bizim faciəmizdir. Bizim ümumi faciəmizdir. Amma bu, bizim siyasətimizin nəticəsi deyil. Bu, rus dünyasının inteqrasiya etməsinin qarşısını almağa can atan başqa dövlətlərin, üçüncü dövlətlərin siyasətinin nəticəsidir. Onlar müəyyən dərəcədə buna müvəffəq oldular və bizi hazırda olduğumuz xəttə itələdilər", - deyə Putin bəyan edib.
Rusiya prezidenti qeyd edib ki, Ukrayna ilə münaqişə qaçılmaz idi: "Bu gün olması, sabah olmasından yaxşıdır".
O həmçinin deyib ki, ölkəsi "nüvə üçlüyü"nü inkişaf etdirməyə davam edəcək: "Bu, suverenliyimizin və ərazi bütövlüyümüzün qorunub saxlanmasının əsas təminatıdır. "Sarmat" qitələrarası balistik raketin döyüş hazırlığına salınması gecikir, lakin bu, planların həyata keçirilməsinə təsir etməyəcək. Bu raketlər yaxın vaxtlarda döyüş növbətçiliyinə gətiriləcək".