Mart 26, 2023 18:26 Asia/Baku
  • Makron
    Makron

Yelisey sarayında TF1 və France 2 kanallaına müsahibə verərkən Fransa prezidenti Emmanuel Makron bahalı saatını biləyindən çıxarıb. Fransa liderinin bu hərəkəti izləyicilərin diqqətindən yan keçməyib.

SəhərAzəri-nin məlumatına əsasən, canlı yayım davam edərkən Makronun əlini masanın altına salması və ehtiyatla saatı çıxarması sosial mediada böyük qəzəb dalğasına səbəb olub. Fransızlar Makronu “xalqdan pul qoparmaqda” günahlandırıb, müxalifət isə Fransa liderini “varlıların prezidenti” adlandırıb.

Böhrana səbəb olan saatın dəyəri dəqiq bilinmir. Tənqidçilər saatın 80.000 avro olduğunu iddia edir, Fransa mediası isə sözügedən aksesuarın Bell & Ross tərəfindən istehsal edildiyini və qiymətinin 1600 avro ilə 2400 avro arasında olduğunu yazıb.

Pensiya qanununa qarşı geniş etiraz aksiyalarının davam etdiyi Fransada qısa müddətdə viral olan görüntüyə o qədər reaksiya gəlib ki, Yelisey Sarayı məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. Açıqlamada Makronun saatı gizlətməyə çalışmadığı, aksesuarın masaya dəydiyi üçün səs etdiyi və bu səbəbdən çıxarıldığı bildirilib.

Britaniyanın "Daily Mail" qəzeti "Çox gecdir, Makron, biz sənin lüks saatını gördük" yazıb. “The Telegraph” qəzeti Makronun kostyumunun da 5 min avro dəyərində olmasına diqqət çəkib.

Fransa mətbuatında isə "Makronun sehrli oyunu" başlığı diqqət çəkib. Fransızlar Makronun saatının qəfil yox olmasına lağ ediblər və bildiriblər ki, aşağı maaşlı işçilərin heç vaxt belə bir saat almaq üçün kifayət qədər büdcəsi olmayacaq.

Qeyd edək ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan islahat bütün ölkədə etirazlara səbəb olub. Sözügedən qanunun qəbulu üçün Fransanın baş naziri Elizabet Borne konstitusiyadakı xüsusi maddədən istifadə edərək Fransa parlamentini prosesdən kənarlaşdırıb.

Daha sonra ölkədə genişmiqyaslı etirazlar başlayıb. Özünü demokratiyanın beşiyi adlandıran bu Avropa ölkəsində etirazçılara qarşı ən qəddar davranış hətta Avropa Şurasının reaksiyasına səbəb olub. Belə ki, bu şura Fransada polisin nümayişçilərə qarşı repressiv metodlara əl atmasını pisləyib.

 

 

Teqlər