İngiltərədə tibb işçiləri kütləvi tətilə çıxıblar
İngiltərədəki xəstəxana və tibb müəssisələrinin yarıdan çoxunda tibb işçiləri maaşlarına və iş şəraitinə etiraz olaraq, bazar günü tətillərin yeni mərhələsinə başlayıblar.
Tibb bacıları maaşla bağlı bazar günüdən etibarən 28 saatlıq tətilə çıxıblar. Tətil bazar ertəsi gecə yarısından əvvəl başa çatacaq.
İngiltərənin səhiyyə naziri bu tətil aksiyasına reaksiyada deyib: "Bu tətillər İngiltərənin milli səhiyyə xidmətinə daha çox təzyiq göstərəcək və xəstələr üçün inanılmaz dərəcədə pozucu olacaq".
İngiltərədə etirazçı tibb işçiləri mövcud yaşayış böhranlarını idarə edə bilmək üçün təkcə maaşlarının artırılmasını tələb etmirlər, həm də kadr çatışmazlığını həll etmək məqsədi ilə tibb bacısı sektorunda daha çox işçinin işə götürülməsini tələb edirlər.
Kral Tibb Bacısı Kolleci London hökumətinin 2023-2024-cü illər üçün 5 faizlik maaş artımı və ötən il üçün ən azı 1,655 funt sterlinq birdəfəlik ödəmə təklifini rədd edib və bunun kifayət etmədiyini söyləyib.
İngiltərədə tibb işçiləri cari milad ilinin 18-19 yanvar və 6-7 fevral tarixlərində də tətil etmişdilər.