Sen 20, 2023 18:40 Asia/Baku
  • Qərb dövlətləri Qarabağ ermənilərinin xeyrinə hərəkətə keçdi

ABŞ, Fransa və Almaniya əməliyyatların dərhal dayandırılmasını tələb edirlər

ABŞ, Fransa və Almaniya Azərbaycan Ordusu tərəfindən başladılmış hərbi əməliyyatların dayandırılmasını tələb ediblər.

Bununla əlaqədar ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatında bildirilir ki, Birləşmiş Ştatlar Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlarından “dərin narahatdır” və Azərbaycanı onu dərhal dayandırmağa çağırır.

“Bu hərəkətlər Dağlıq Qarabağda onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirir və sülh perspektivlərini sarsıdır. Biz əvvəllər Azərbaycana açıq şəkildə bildirdiyimiz kimi, mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir və regionda ədalətli və ləyaqətli sülh üçün şərait yaratmaq səylərinə ziddir”, - deyə Blinken qeyd edib.

Fransa hökuməti də Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirdiyi hərbi əməliyyatına operativ reaksiya verərək, vəziyyəti nəzərdən keçirmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasına çağırıb.

Fransa Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir: “Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edir. O, Avropa tərəfdaşları və ABŞ ilə məsləhətləşərək Azərbaycanın regionda qəbuledilməz hücumunun yaratdığı təhlükəsizlik risklərinə uyğun cavab hazırlayır”.

Rusiyanın dövlət xəbər agentliyi TASS BMT-dəki mənbələrə istinadla bildirir ki, BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətə dair iclası sentyabrın 21-ə planlaşdırılıb.

Həmçinin Almaniya kansleri Dağlıq Qarabağda hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib.

Olaf Şolts Ermənistan və Azərbaycanın diplomatik kanallar vasitəsilə fikir ayrılıqlarını həll etməsinin vacibliyini vurğulayıb və deyib: “Ermənistan və Azərbaycan hazırda çox təhlükəli vəziyyətdədir. Münaqişənin bu son epizodunun gecikmədən sona çatması bizim üçün tamamilə aydındır. Biz həm Ermənistan ilə Azərbaycan arasında, həm də Azərbaycanın özündə mövcud olan bütün problemlərin dinc, qarşılıqlı razılaşdırılmış həllini tapmaq üçün səmimi cəhdlə diplomatik danışıqlara qayıtmağın tərəfdarıyıq”, - deyə Almaniya kansleri vurğulayıb.

 

Teqlər