Donald Tramp və Kamala Harris arasında ilk seçki debatı keçirilib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və vitse-prezident Kamala Harris noyabırın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı debatda iştirak ediblər. Debat ABC kanalı tərəfindən Filadelfiyada təşkil edilib. 90 dəqiqəlik debatda prezidentliyə namizədlər ilk dəfə üz-üzə gəliblər.
Debatda namizədlər abort, immiqrasiya və Amerika demokratiyası ilə bağlı kəskin fərqli baxışlarını təqdim ediblər.
Harris Trampı vəzifədən getdiyi zaman iqtisadiyyatın və demokratiyanın vəziyyətinə görə kəskin tənqid edib. O, Trampa dünya liderlərinin ona güldüyünü, hərbi liderlərin isə onu “rüsvayçılıq” adlandırdığını deyib.
Keçmiş prezident və Respublikaçı namizəd Donald Tramp vitse-prezident və Demokratlar Partiyasının namizədi Kamala Harrislə ilk debatda onu “marksist” və onun atasını “marksist müəllimi” adlandıraraq Harrisin ictimai nüfuzuna zərbə vurmaq istəyib.
Harris də özünün dövlət proqramlarında orta təbəqənin əsas götürüləcyini vurğulayaraq Trampı zənginlərin tərəfdarı adlandırıb. O bu yolla orta təbəqənin səslərini özünə cəlb etmək istəyib.
Keçmiş prezident və Respublikaçı namizəd Donald Tramp çıxışında deyib ki, mən ABŞ-ın ən güclü iqtisadiyyatını qurmuşam və bu uğurumu bir daha təkrarlayacağam. Bizim İnflyasiya səbəbindən iqtisadiyyatımız pis vəziyyətə qalıb. Milyonlarla insan Amerikaya gəlir və işlərimizi ələ alırlar. Bunlara səbəb Baydendir.
Demokrat Partiyasının namizədi Kamala Harris də deyib ki, Trampın heç bir planı yoxdur və sadəcə varlılar üçün vergiləri azaltmaq istəyir. Trampın dövründə Amerikada işsizlik səviyyəsi ən pis həddə olub.
O daha sonra Tramp administrasiyasının Amerika tarixində ən böyük ticarət kəsirini yaratdığını və onun Çinlə bağlı verdiyi qərarları qınayaraq Çinə Amerika çipləri satmasında və nəticədə Çin ordusunun güclənməsində günahlandırıb.