Noy 09, 2024 15:22 Asia/Baku
  • 20 min əcnəbi Rusiyadan çıxarılacaq

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qeyri-qanuni miqrasiyanın təşkili ilə bağlı “Qanunsuz 2024” əməliyyatı keçirilib.Əməliyyat çərçivəsində 4 min cinayət işinin açıldığı bildirilib.

Son vaxtlar Rusiyanın miqrasiya ilə bağlı qanunvericiliyini sərtləşdirdiyi müşahidə olunur. Bu ilin martında Moskvadakı “Crocus” konsert mərkəzində Orta Asiyadan olan miqrantların yüzdən çox insanın ölümü ilə nəticələnən terror aktı törətməsi, daha sonra Rostov və Volqoqradda istintaq təcridxanalarında yenə Orta Asiyadan olan miqrantların qiyam qaldırması, “İŞİD” bayrağı altında həbsxana işçilərini girov götürərək qətlə yetirməsi Rusiyada miqrantlar əleyhinə dalğanı gücləndirib.

Ölkə prezidenti Vladimir Putin avqust ayında “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu imzalayıb. Bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib. Belə ki, yeni qanuna əsasən əcnəbilərə taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib. Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib.

Bundan əlavə, Rusiya hakimiyyəti qanunsuz miqrantların reyestrinin yaradılacağını da açıqlayıb.

Rusiyanın əcnəbi miqrantlara qarşı sərt təşəbbüslərə əl atmasından sonra, bunun yüzminlərlə azərbaycanlı miqrantın taleyinə nə kimi təsir edəcəyi mövzusu gündəmə gəlib.

2001-ci ildə Rusiya FR-nın o zamanki prezidenti Vladimir Putin Azərbaycanda səyahəti əsnasında Rusiyadakı azərərbaycanlıların sayına da toxunmuş və ölkəsində 2,7 milyon azərbaycanlının yaşadığını, onlardan 660 min nəfərin Rusiya vətəndaşları qalanların isə əmək miqrantları olduqlarını qeyd etmişdir.

Azərbaycan Respublikasında işsizlik eləcə də iqtisadiyyat və bazarda sağlam rəqabət mühitinin olmaması nəticəsində əhalinin böyük bir qismi Rusiyada və digər xarici ölkələrdə miqrant həyatı yaşamalı olur.

 

Teqlər