Noy 15, 2024 15:59 Asia/Baku
  • C.Borel İ.Əliyevin sözlərini qəbuledilməz adlandırıb

Aİ rəsmisi Əliyevin Fransa, Aİ və Niderlanda qarşı tənqidlərini qəbuledilməz adlandırıb və bildirib ki, bu bəyanatlar Azərbaycanın COP29-a ev sahibliyini sual altına alır.

  Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Azərbaycanın Prezidenti İlham Əliyevin noyabrın 13-dəki çıxışından təəssüfləndiyini deyib. Borel Əliyevin fikirlərini qəbuledilməz adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Fransa və Niderlandı kolonial siyasətdə ittiham etmişdi.

Əliyev demişdi ki, Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər:

“Əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir”,- İlham Əliyev demişdi.

“X” (Twitter) səhifəsində yazan Cozef Borel hesab edir ki, Prezident İlham Əliyevin Aİ, Fransa və Niderlandla bağlı açıqlamaları qəbuledilməzdir. Onun fikrincə, bu qəbuledilməz bəyanatlar konfransın obyektivliyini və Azərbaycanın COP-a ev sahibliyini sual altına alır:

“Biz Fransa və Niderlandla birlikdəyik”,- Cozef Borel deyib.

Həmçinin, Niderlandın Xarici İşlər Nazirliyi də İlham Əliyevin çıxışına reaksiya verib. Bildirib ki, Niderland krallığı dörd muxtar və hüquqi bərabərhüquqlu ölkədən ibarətdir: “Bu, referendumun və adalarla məsləhətləşmələrin nəticəsidir. Altı adanın hər birində vaxtaşırı demokratik seçkilər keçirilir”,-bəyanatda deyilir.

Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.

Teqlər