BMT-nin İraqdakı missiyası başa çatdı
BMT-nin baş katibi Antonio Quterreş Bağdadda İraqın baş naziri ilə birgə mətbuat konfransında BMT-nin İraqdakı missiyasının başa çatdığını elan edərək, deyib: "Bu ölkə bu gün sabitlik və dayanıqlı təhlükəsizlik mərhələsinə çatıb".
Antonio Quterreş İraq xalqının terrorizmə qarşı mübarizədə göstərdiyi dözümlülük və müqaviməti yüksək dəyərləndirərək, Bağdadda sabitlik və təhlükəsizliyin milli həmrəyliyin nəticəsi olduğunu vurğulayıb.
BMT-nin baş katibi Bağdada səfərinin məqsədinin təşkilatın İraqdakı missiyasının başa çatdığını elan etmək olduğunu bildirərək, əlavə edib: “Bu qərar İraqda siyasi, təhlükəsizlik və institusional sahələrdə əldə edilən irəliləyişlər fonunda qəbul edilib".
İraqın baş naziri Məhəmməd Şia əs-Sudani də BMT baş katibinin mövqeyi və konstruktiv əməkdaşlığına görə minnətdarlığını bildirərək, vurğulayıb: "BMT-nin İraqa Yardım Missiyasının başa çatması bu təşkilatla əməkdaşlığın sonu deyil, əksinə, davamlı inkişaf, inklüziv iqtisadi artım və məsləhət xidmətləri sahələrində yeni bir tərəfdaşlıq mərhələsinin başlanğıcıdır".