Tiflisdə
İran və Gürcüstan rəsmiləri arasında görüş baş tutub
Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze İran İslam Respublikasının Gürcüstanda müvəqqəti işlər vəkili Məhəmməd Qubadirad ilə tanışlıq görüşü keçirib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Zaza Vaşakmadze qonağı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona işlərində uğurlar arzulayıb və gələcək əməkdaşlığın daha da uğurlu olacağına və iki ölkə arasında dostluğu möhkəmləndirəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Vaşakmadze iranlı rəsmiyə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Gürcüstanda aparılan din siyasəti və son illər dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Zaza Vaşakmadze Hökumətin İnsan Haqları Fəaliyyət Planı çərçivəsində həyata keçirilən layihələr, dini etiqad azadlığı sahəsində mövcud vəziyyət və mövcud çağırışlardan danışıb.
Görüşdə İran İslam Respublikasının Gürcüstanda müvəqqəti işlər vəkili Məhəmməd Qubadirad Gürcüstanın dini məsələlər üzrə dövlət agentliyi və İranın Əl-Mustafa universiteti arasında əməkdaşlıqların yaradılmasına toxunub. O, həmçinin tərəflər arasında görüşlərin keçirilməsi və bunun üçün müvafiq işçi qrupunun yaradılmasına diqqət çəkib.
Mohammad Qubadirad Gürcüstan ilə İran arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu bildirib və həmçinin Vaşakmadzeni İrana rəsmi səfərə dəvət edib.
Görüşdə Əl-Mustafa universitetinin Gürcüstandakı nümayəndəsi Həsən Yusifzadə də iştirak edib.
Qeyd edək ki, İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Əkbər Qasimi Əliabadın səlahiyyət müddəti başa çatdığından onu müvəqqəti işlər vəkili Məhəmməd Qubadirad əvəz edir.