Apr 29, 2024 13:16 Asia/Baku
  • Gürcüstan parlamenti bu gün qərar verəcək

Bu gün Gürcüstan parlamentinin Hüquq komitəsi tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılacağına görə xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.

Məlumata görə deputatların və parlament əməkdaşlarının təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq. Məhdudiyyət akkreditə olunmuş jurnalistlərə şamil edilməyəcək. Bir media qurumundan maksimum iki qrup parlamentə daxil ola biləcək

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentdə aprelin 17-də birinci oxunuşda 83 səslə qəbul edilib.

Xatırladaq ki, aprelin 16-da da eyni məsələ ilə bağlı Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilmişdi.

Qərb ölkələrinin media və Qyri Hökumət Təşkilatları adı altında casusluq fəaliyyətlərini hədəfə alan Gürcüstan Parlamentinin müzakirəyə çıxardığı “Xarici təsirin şəffaflığı haqqında” qanun ABŞ və Avropa İttifaqını qəzəbləndirib.

 ABŞ senatorları Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbul ediləcəyi təqdirdə sanksiyalarla hədələyirlər. Aİ isə Tiflisə barmaq silkələyib.

Avropa İttifaqının (Aİ) mətbuat xidmətinin Gürcüstanla bağlı məlumatında deyilir:

"Gürcüstanda hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirəcəyi barədə açıqlaması ciddi narahatlıq doğurur".

"2023-cü ilin martında ictimai rəy və beynəlxalq reaksiyalara rəğmən, bu məsələnin yenidən gündəmə gəlməsindən təəssüflənirik. Qeyri-hökumət təşkilatları üçün əlverişli mühitin yaradılması, media azadlığının təmin edilməsi demokratiyanın əsasını təşkil edir. Bu, Aİ-yə üzvlük prosesi üçün də çox vacibdir", Aİ-nin bəyanatında deyilir.

Beləliklə Avropa və Amerika Gürcüstan parlamentinin sözü gedən qanunu qəbul etməsini əngəlləmək üçün Tiflisdə əhalini etiraza cəlb edir.

Dünən gecə Tiflisdə Parlament qarşısında “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edənlər Aİ-nin bayraqlarını əllərində gəzdiriblər.

 

Teqlər