May 29, 2024 11:00 Asia/Baku
  • Gürcüstan hökuməti Qərbin təzyiqlərinə məhəl qoymur

Kobaxidze: Bu qanuna qarşı çıxmaq mümkün deyil

Gürcüstan hökuməti “xarici agentlər” haqda qanuna qarşı çıxmağın mümkün olmadığını bildirib.

Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən mətbuat konfransında deyib: “Gürcü xalqının seçdiyi ali nümayəndəlik orqanı dövlət suverenliyini təsdiq etmək üçün ən mühüm hüquqi baza yaratdı. Belə bir qanuna qarşı çıxmaq mümkün deyil”.

Kobaxidze qeyd edib ki, hər kəs qanunun düzgün mahiyyətini tanımalı və arqument yoxdursa, qarayaxma kampaniyasını davam etdirməməlidir.

Onun sözlərinə görə, proses başa çatıb, qanun qəbul edilib. "Xarici təsirin şəffaflığı haqqında" qanun yalnız bir şeyi nəzərdə tutur – xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların ildə bir dəfə maliyyə bəyannamələri dərc etməsini. Belə bir qanuna qarşı hər hansı arqumentin olması mümkün deyil".

Xatırladaq ki, Qərb dövlətləri o cümlədən ABŞ Gürcüstan hökumətini və hakim partiyanı sözü gedən qanuna görə sanksiyalarla hədələsələr də, Gürcüstan Parlamenti prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.

 

Teqlər