Gürcüstanda seçkidən sonra kritik vəziyyət hökm sürür
Qərbpərəst prezident prokurorluğa getməkdən imtina edib
SəhərAzəri-nin məlumatına əsasən, Gürcüstan qərbpərəst prezidenti Salome Zurabişvili son parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluqda dindirilməkdən imtina edib.
Xanım Zurabişvili 26 oktyabr seçkilərini qeyri-legitim hesab etdiyini iddia edir. O vurğulayıb ki, prokurorluq qanun pozuntularına dair sübutları özü axtarmalı, dövlət başçısından bunu tələb etməməlidir. Gürcüstan prezidenti Salome Zurabişvili Qərb dövlətlərini hakim "Gürcü arzusu" partiyasına – onun ifadəsi ilə desək - oğurladığı səsləri yenidən saymaq üçün təzyiq göstərməyə səsləyib. Zurabişvili və müxalifət 300 minədək səsin hakim partiyanın xeyrinə yönəldiyini, nəticədə "Gürcü arzusu"nun 54 faiz səs topladığını iddia edir.
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı, Kanada və İsveç Gürcüstandakı seçkilərdən sonrakı durumu tənqid ediblər. Onlar hesab edirlər ki, Moskva son parlament seçkilərinə müdaxilə edib. Rusiya isə seçkilərə təsir göstərməsinə dair ittihamları rədd edib.