Rusiya Tbilisi ilə dil tapmağa çalışır?
Qaluzin: Moskva Gürcüstanla diplomatik əlaqələri bərpa etməyə hazırdır
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın Tbilisi ilə diplomatik əlaqələri bərpa etməyə hazır olduğunu bildirib.
Qaluzin bu barədə Rusiyanın İzvestiya nəşrinə müsahibəsində hakim “Gürcü Arzusu” partiyasının üzvlərini tərifləyib və Gürcüstanın faktiki lideri Bidzina İvanişvilinin 2024-cü ilin payızında “osetiyalı qardaş və bacılarımızdan üzr istəyirik” tipli bəyanatını ağıllı mövqe adlandırıb.
Rusiyalı rəsmi həmçinin bildirib ki, Moskva Gürcüstanla “bütün sahələrdə” “qarşılıqlı faydalı əməkdaşlığı” inkişaf etdirməyə hazırdır.
O əlavə edib: “Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələri biz yox, Saakaşvili rejimi kəsdi və indi Gürcüstanda Saakaşvili rejimi buna görə ciddi tənqid olunur”.
Mixail Qaluzin qeyd edib ki, Gürcüstan rəhbərliyi diplomatik münasibətlərin bərpasını Abxaziya və Cənubi Osetiyanın Tbilisinin hakimiyyəti altına qayıtması ilə əlaqələndirir, halbuki Rusiya Federasiyası Abxaziya və Cənubi Osetiyanın suverenliyi və müstəqilliyinin tanınması ilə bağlı 2008-ci ilin avqustunda qəbul etdiyi qərarını dəyişmək fikrində deyil.
Xatırladaq ki, 2008-ci il müharibəsindən sonra Gürcüstan Rusiya ilə diplomatik əlaqələri kəsdi, iki ölkə arasında hava əlaqəsi dayandırıldı, Rusiya isə viza rejimini sərtləşdirdi. O vaxtdan bəri əlaqələr minimum səviyyədədir, lakin ötən il keçirilən parlament seçkilərində Qərbin qəzəbinə tutş gəlmiş hakim “Gürcü Arzusu” partiyasının qələbəsi Gürcüstanla Rusiya arasında buzların əriyəcəyinə dair gözlənti yaratdı və ekspertlər bildirdilər ki, indi top Rusiyanın meydanındadır. Lakin Kreml inadkarlıqla qonşu ölkənin ərazi bütövlüyünü tanımaqdan imtina edir.
Bəzi ehtimallara görə, Rusiyanın öz sərt mövqeyində qalması onunla əlaqədədir ki, Putn hökuməti Gürcüstanın Qərbə inteqrasiya siyasətindən birdəfəlik vaz keçməsindən əmin olmaq istəyir. Bu səbəbdən hələlik Cənubi Osetiyanı və Abxaziyanı girovluqda saxlayır.