Sionist rejim mediasından etiraf:
HƏMAS-ı məhv etmək mümkün deyil
Sionist rejimin kanal-14 televiziya kanalı bir reportajında Qəzzə şəhərində avtomobilinin partladılması nəticəsində İzzəddin əl-Qəssam Briqadalarının yüksək rütbəli komandiri Raəd Səədin terror edildiyini iddia edərək, etiraf edib ki, HƏMAS komandirlərinin terroru ilə belə bu qrup məhv etmək mümkün deyil.
Sionist rejimin bu media orqanının siyasi müxbiri Tamir Moraq deyib: "Özümüzü aldatmamalıyıq. Əl-Qəssam Briqadalarının ikinci şəxsini öldürsək belə və ya hətta bu briqadaların bir nömrəli komandiri olan "İzzəddin əl-Həddadı" terror etsək belə bu, HƏMAS-ın məhv edilməsi demək deyil".
O əlavə edib: "HƏMAS və onun hərbi qanadının ehtiyatda olan çoxlu komandiri var baxmayaraq ki, bu şəxslər daha az tanınır".
Moraq qeyd edib ki, HƏMAS hələ də minlərlə döyüşçü, geniş avadanlıq, bir neçə ton partlayıcı maddə və yüzlərlə kilometr tunellərə sahibdir".
İvritdilli mənbələr şənbə günü axşam əl-Qəssam Briqadalarının yüksək rütbəli komandiri Raed Səədin terror edildiyini iddia ediblər.
Fələstin İslam Müqavimət Hərəkatı HƏMAS hələlik bu iddianı təsdiqləməyib.