Çavuşoğlu: Türkiyə "S-400" raket sistemini alacaq
-
Çavuşoğlu: Türkiyə "S-400" raket sistemini alacaq
Türkiyənin xarici işlər naziri çərşənbə günü ölkəsinin Rusiyadan "S-400" raket sistemi alacağını və bunun qəti olduğunu vudğuladı.
İRİB-nin bildirdiyinə görə, Şimali Atlantika Alyansı NATO-nun xarici işlər nazirləri iclasında iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Mövlud Çavuşoğlu "S-400" raket sisteminin alınmasına dair Rusiya ilə müqavilənin imzalandığını və artıq bu mövzunun yekunlaşdığını dedi.
M.Çavuşoğlu amerikalılara "S-400"lərin ABŞ və ya NATO üçün hansısa təhlükə yaratmadığından əmin olmaq üçün ekspertlər qrupu təşkil etmələrini tövsiyə edib.
ABŞ hökuməti bazar ertəsi günü Türkiyənin Rusiyadan S-400 raket sistemi almasına reaksiya olaraq, F-35 qırıcılarının Ankaraya verilməsi prosesini durdurdu.
Vaşinqton ötən aylar ərzində dəfələrlə Türkiyəyə Rusiyadan "S-400" raket sistemi almasına dair xəbərdarlıq edib.
ABŞ-ın Müdafiə Nazirliyi "Pentaqon"un sözçüsü Çarlz Samerz son zamanlar bir mətbuat konfransında Rusiyadan "S-400" raket sistemi almasının Türkiyə üçün mənfi nəticələrinin olacağını demişdi.
Ötən aylarda Türkiyə - ABŞ münasibətləri artan gərginliyin şahidi olub.
Türkiyə və Rusiya "S-400" raket sisteminə dair müqaviləni 2017-ci ilin dekabrında imzalayıblar.
S-400 raket sistemi 5-60 kilometrlik məsafədə və 2-27 kilometrlik hündürlükdə olan taktiki və ballistik raketləri izləməyə və eyni zamanda 72 raketi hədəfə doğru yönləndirməklə, onları məhv etməyə qadirdi. S-400 raket sistemi hazırda dünyanın ən modern raket müdafiə sistemlərindən biri sayılır.
ABŞ Rusiyadan "S-400" raket sistemi alacağı təqdirdə Türkiyəni sanksiyalar ilə təhdid edir.