İyun 28, 2022 10:19 Asia/Baku
  • Əmir-Abdullahiyan: Tehran-Bakı-Ankara görüşü gündəmdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Ankarada görüşüblər.

SəhərAzəri-nin məlumatına əsasən, təkbətək görüşdən sonra keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan deyib ki, üçtərəfli əməkdaşlıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə müzakirə mövzusu olub: “Eyni zamanda Qafqazla bağlı vacib məsələyə toxunuldu, 3+3 platformasından danışıldı, Tehran-Bakı-Ankara görüşündən bəhs edildi”.

Onun sözlərinə görə, Tehran-Bakı-Ankara görüşü gündəmdə olan ən vacib məsələlərdən biridir.

Qeyd olunub ki, Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək.

İranın xarici işlər naziri Türkiyənin YPG təhlükəsindən narahatlıq keçirməsinə də münasibət bildirib. “Yenə təkrar edirik və bildiririk ki, Türkiyənin təhlükəsizliyi İranın təhlükəsizliyidir. Türkiyənin Suriyadakı narahatlığı anlaşılandır və aradan qaldırılmalıdır”, deyə - Əmir-Abdullahiyan vurğulayıb.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Əmir-Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı deyib ki, rəsmi Ankara İrana qarşı hər zaman birtərəfli sanksiyaların əleyhinə olmuşdur.

"Bu sanksiyalara yaxşı baxmırıq. Ümid edirik ki, bütün tərəflər nüvə sazişinin yenidən fəaliyyətə keçməsi üçün addımlar atacaq", - deyə Çavuşoğlu bildirib.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkən nazir iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var, bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.

Teqlər