Türkiyə Gültəkin Hacıbəylinin deportasiya olunmasına qərar verdi
Siyasətçi, prezident Ərdoğana Boraltan faciəsini xatırladıb
Türkiyə hökuməti Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin deportasiya olunmasına qərar verib.
Gültəkin Hacıbəyli bununla əlaqədar sosial şəbəkə hesabında prezident Ərdoğana etdiyi müraciətində bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.
Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib, 3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb.
O sonra yazıb: “Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir, belə bir tələsik qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir. Belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır”.
Gültəkin Hacıbəyli əlavə edib: “Cənab Ərdoğan mən hələ də inana bilmirəm ki, bütün varlığımla sevdiyim, özümə ikinci Vətən saydığım, uğurları ilə hər zaman qürur duyduğum, siyasi fəaliyyətim boyunca daim təbliğ edib müdafiə etdiyim qardaş Türkiyə dövləti hüquq və ədaləti ayaq altına alaraq məni məcburi qaydada Azərbaycana həbsə göndərəcək. Cənab Ərdoğan, siz öz çıxışlarınızda vaxtaşırı Boraltan faciəsini xatırladaraq bu tarixi səhvi edənlərin məsuliyyətini gündəmə gətirirsiniz. Buna bənzər səhvə Türkiyə hakimiyyəti tərəfindən yol verilməməli və bu məsələdə hüquq və ədalətin tələbinə uyğun davranılmalıdır”.
Xatırladaq ki, Boraltan qətliamı 1944-cü ildə baş verib və bu, Sovet İttifaqı tərəfindən 146 azərbaycanlı ziyalının qətlə yetirilməsi ilə nəticələnən faciədir. O zaman nasistlərlə əməkdaşlıq ittihamı ilə SSRİ tərəfindən axtarışda olan ziyalılar Araz çayı üzərindəki Boraltan körpüsündən keçərək Türkiyəyə sığınır. Lakin dövrün prezidenti İsmət İnönü azərbaycanlıların Sovet hökumətinə qaytarılmasına qərar verir və onların hamısı Boraltan körpüsündə türk əsgərlərinin gözləri önündə kommunist rejimi tərəfindən güllələnir.