İran qonşu ölkələrdən turistlərin girişinə qadağa qoydu
İranın Gömrük İdarəsinin sözçüsü qonşu ölkələrdən turistlərin girişinə qadağa qoyulduğunu açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Gömrük İdarəsinin sözçüsü Seyid Ruhullah Lətifi deyib: "Koronavirusla Mübarizə üzrə Milli Qərargahın qərarına və Daxili İşlər Nazirliyinin sərhədyanı vilayətlərin icra başçılarına verdiyi göstərişə əsasən, dekabrın 25-dən etibarən qonşu ölkələrdən xarici vətəndaşların İrana girişi məhdudlaşdırılacaq".
İranın Gömrük İdarəsinin sözçüsü əlavə edib: "Bu müddət ərzində turist vizası ilə səyahət edənlərin ölkəyə girişi tamamilə qadağan edilir və yeddi hal üçün istisnalar nəzərdə tutulub".
Lətifinin dediyinə görə, sadəcə, diplomatlar və ailələri, daimi yaşamaq, təhsil, müalicə və ticarət icazəsi olan şəxslər sərhədlərdən keçə bilərlər.
İranın Gömrük İdarəsinin sözçüsü vurğulayıb: "Bu gündən etibarən xarici vətəndaşların girişinə tətbiq edilən məhdudiyyətlər qonşu ölkələrdən əlavə bir neçə Afrika və Avropa ölkəsi, o cümlədən Britaniyaya da şamil ediləcək".
Lətifinin sözlərinə görə, qonşu ölkələrlə sərhədlərin bağlanmasının səbəbi koronavirusun "omikron" ştammının ölkəyə yayılmasının qarşısını almaqdır.
"Qonşu ölkələrlə ticarət üzrə bütün sərhəd-keçid məntəqələri açıqdır və Tibb Elmləri Universitetinin nümayəndələri sərhədlərdə yerləşdirilib və istisna edilənlərin ölkəyə daxil olmaq üçün mənfi PCR testi və peyvənd kartı olmalıdır", deyə o, bildirib